BAKI, 12 mart. TELEQRAF

Ukrayna qoşunları Rusiya qüvvələrinin artan hücumları fonunda Kursk vilayətini tərk edirlər.

Teleqraf xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

ABŞ nəşri bildirir ki, iki həftə əvvəl Rusiyanın elit pilotsuz təyyarələri qrupu Ukraynanın təchizat xətlərini dağıdıb. Fevralın 25-də Rusiya məqsədyönlü zərbələrlə Suca şəhərinə gedən əsas yol boyunca onlarla texnikanı sıradan çıxarıb. Suca Kurskda getdikcə mövqelərini itirən Ukraynanın 10 000 nəfərlik qrupunun əsas bazası rolunu oynayır.

Analitik Endryu Perpetua hesab edir ki, Ukrayna artıq Kursk barədə narahat olmalıdır. Bildirilir ki, təchizat xətlərinin kəsilməsindən sonra Ukrayna qüvvələrinin əsas hissəsi, o cümlədən ən döyüşkən briqadalar Kurskdan çıxıblar.

“Dostlarım mühasirəyə düşmədən Kursku tərk edə biliblər. Təəssüf ki, vəziyyət bu yerə gəlib çatıb”, - Ukrayna mənbələrindən biri nəşrə deyib.