
BAKI, 28 fevral. TELEQRAF
"Bu, kağız üzərində yazılmış təklifdir, bunu birbaşa Azərbaycana çatdırmışıq, heç bir üçüncü tərəf danışıqlarda iştirak etməyib. Ermənistan öz təklifini birbaşa çatdırıb".
Teleqraf xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsi və Azərbaycan arasında nəqliyyat yollarının açılması ilə bağlı İrəvanın Bakıya təklifləri barədə Baş nazir Nikol Paşinyanın açıqlamasını şərh edərkən deyib.
“Kommunikasiyaların açılması məsələsi hansısa mərhələdə sülh sazişinin tərkib hissəsi idi, amma müəyyən məqamda bu, sülh sazişindən çıxarıldı və artıq sazişin tərkib hissəsi deyil. Amma biz Azərbaycanla bu məsələləri müzakirə etmək üçün mövcud olan bütün imkanlardan istifadə etməyə davam edirik. Azərbaycana təklif vermişik və ona cavab gözləyirik”, - qurum rəhbəri bildirib.
Xatırladaq ki, Paşinyan bundan əvvəl Ermənistanın Azərbaycana yolların açılması məsələsinin həlli üçün təkliflər verdiyi və bu yöndə danışıqların aparıldığını açıqlamışdı.