BAKI, 18 fevral. TELEQRAF

Mərkəzi Bankın xüsusi tənzimləmə rejimində iştirakla bağlı ümumilikdə 14 müraciət daxil olub.

Teleqraf xəbər verir ki, Mərkəzi Bankın yaydığı məlumatda deyilir ki, daxil olan müraciətlər virtual aktivlər, kreditləşmə, eləcə də sığorta və maliyyə bazarlarının digər sahələri üzrə innovativ məhsulların sınaqdan keçirilməsi ilə bağlıdır.

“Hazırda Mərkəzi Bank tərəfindən müraciətlərin ilkin qiymətləndirilməsi prosesi başlayıb. Növbəti mərhələdə müraciətlərə baxılması və yekun qiymətləndirmənin həyata keçirilməsi nəzərdə tutulub. Bu mərhələdə müraciətlərin tələblərə uyğunluğu baxımından dəyərləndirilməsi aparılacaq və yekun qərar qəbul olunacaq”,- deyə məlumatda deyilir.

Xüsusi tənzimləmə rejimi maliyyə bazarlarında innovativ maliyyə məhsullarının məhdud çərçivədə və Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsi üzrə tədbirləri özündə cəmləyən qaydalar toplusudur. Bu rejimin iştirakçısı innovativ maliyyə məhsulunun sınağını Mərkəzi Bank ilə bağlanılacaq müqavilə əsasında həyata keçirəcək. Xüsusi tənzimləmə rejimi meyarlarına uyğun gələn və sınağı uğurla başa çatdıran innovativ məhsulların maliyyə bazarlarında tətbiqi nəzərdə tutulub.