TBİLİSİ, 10 fevral. TELEQRAF

Ötən il 722 nəfər Azərbaycan vətəndaşı Gürcüstanda sahibkarlıq subyekti qeydiyyatdan keçirib.

Teleqraf xəbər verir ki, bu barədə yerli “BusinessPress” nəşri Gürcüstanın Milli Statistika İdarəsinin təqdim etdiyi məlumata əsasən yazıb.

Azərbaycan vətəndaşları say baxımından Gürcüstanda biznes fəaliyyətinə başlayan əcnəbilərin ilk onluğunda VI yeri tutub.

2024-cü ildə qonşu ölkədə ümumilikdə 54 218 yeni özəl şirkət dövlət qeydiyyatına alınıb. Onlardan 19 525-i özəl xarici mülkiyyətli, 427-si yerli mülkiyyət üstünlük təşkil edən qarışıq özəl mülkiyyətli, 208-i isə xarici mülkiyyət üstünlük təşkil edən qarışıq özəl mülkiyyətli olub.

Hesabat ilində Gürcüstanda ən çox sahibkarlıq subyekti qeydiyyatdan keçirən əcnəbilərin ilk üçlüyündə Rusiya (7 980), Hindistan (2 062) və Belarus (1 679) vətəndaşları yer alıb.