
Fevralın 12-də Astara rayonunda Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı, Astara Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, ekoloji təmiz kənd təsərrüfatı və logistika mövzularında təşkil edilmiş treninqdə iştirakçılara ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, bu sahədə beynəlxalq təcrübə, istehsal müəssisələrinin təşkili, logistika, logistik idarəetmə, logistik mərkəzlərin yaradılması və s. barədə məlumat verilib.
Tədbirdə, həmçinin İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi barədə məlumat iştirakçıların diqqətinə çatdırılmış, onların biznesin səmərəli təşkili və inkişafında əhəmiyyəti vurğulanıb.