2014-cü ildə respublikada dövlət və özəl toxumçuluq təsərrüfatları tərəfindən 163,6 min ton taxıl toxumu istehsal edilib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, istehsal olunmuş taxıl toxumunun 111,6 min tonu buğda, 52 min tonu arpadır. Cəmi istehsal olunmuş toxumun 26,2 tonunu orijinal, 158,8 tonunu superelit, 2181 tonunu elit, 16,3 min tonunu R1, 44,9 min tonunu R2 və 100 min tonunu reproduksiyasız toxumlar təşkil edib.

Toxum istehsalının 36,7 faizi ixtisaslaşmış özəl toxumçuluq təsərrüfatlarının, 1,5 faizi Aqrar Elm Mərkəzinin, 0,7 faizi nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi Məhdud Məsuliyyətli cəmiyyətlərin, 61,1 faizi isə bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan ayrı-ayrı fiziki və hüquqi şəxslərin payına düşür.