İdarəetmə sisteminin səmərəliliyini artırmaq məqsədilə 2014-cü ilin sonunda Vergilər Nazirliyində müvafiq struktur dəyişiklikləri aparılıb.

Bu barədə Teleqraf.com-a nazirliyin analitik-informasiya şöbəsindən məlumat verilib. Vergi orqanları tərəfindən nəzarət funksiyalarının həyata keçirilməsi mexanizminin müasir tələblərə uyğun təkmilləşdirilməsi, Vergilər Nazirliyinin bir sıra strukturlarının fəaliyyətində təkrarçılıq hallarının aradan qaldırılması və onların fəaliyyətinin daha səmərəli təşkil olunması məqsədilə Vergilər naziri Fazil Məmmədovun 26.12.2014-cü tarixli əmri ilə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti və Bakı şəhəri Vergilər Departamenti ləğv edilərək, həmin departamentlərin ştat vahidlərinin hesabına Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti yaradılıb, Departamentin Əsasnaməsi, tərkib quruluşu, ştat vahidlərinin sayı və bölgüsü təsdiq edilib.

Ləğv edilmiş departamentlərin işçi heyəti tam şəkildə yeni yaradılmış departamentdə işlə təmin olunub, bu zaman ixtisarlara yol verilməmiş, əkisnə departament mövcud strukturların ştatları hesabına əlavə işçi heyəti ilə komplektləşdirilib.

Əvvəllər Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi işləmiş, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Habil Məmmədov Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsinə keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2015-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturu”nda aparılan müvafiq dəyişikliklər təsdiq edilib.

Məlumat üçün bildiririk ki, 46 ölkənin daxil olduğu Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) məlumatına əsasən, vergi inzibatçılığı yüksək səviyyədə elektronlaşdırılmış Azərbaycan Respublikası Vergilər Nazirliyi topladığı vergilərin məbləğinə görə ən az sayda işçisi olan vergi orqanlarından biri olduğundan, yaxın gələcəkdə ölkənin vergi orqanlarında ştatların ixtisarı gözlənilmir.

Naibə QURBANOVA