BAKI, 2 mart. TELEQRAF
“Mən məşqçilik haqqında düşünməmişdən öncə Faiq Qarayevə azarkeşlik edirdim. Hətta onun bəzi hərəkətlərinə də diqqətlə fikir verirdim”.
Teleqraf xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən Məşqçilər Forumunun açılış mərasimində deyib.
“Futbol dünyada ən populyar idman növüdür. Əlbəttə ki, fərqli yanaşmalar var. Kollektiv idman növündə say fərqi var. Hər bir halda, mənim düşüncəmə görə məşqçi futbolda həm lider, həm də menecer olmalıdır. Sonda hər şeyə cavabdeh bizik. Son qərarları verən həmişə baş məşqçi olub. Belə termin var ki, komanda qalib gəlibsə futbolçular, məğlub olubsa, baş məşqçi məğlub olub. Bu terminlə razıyam. Futbolçularda inamsızlıq yaratmamlıyıq.
60-70 yaşıma qədər məşqçi olsam da, yenə öyrənməliyəm. Bu gün o qədər detallar var ki, baş məşqçi onların hər birinə nəzər yetirməlidir. Futbolda fizika böyük rol oynayır. Mənim gücüm, sürətim olmasa, Avropa ilə ayaqlaşa bilmərəm. Həm də mənim futbolçularımın harada, hansı şəraitdə məşq etməsi önəmlidir. Əlbəttə 10-15 il əvvəl məşq meydançalarımız yaxşı deyildi. İlk dəfə Antalyaya təlim-məşqə gedərkən oradakı şəraiti görüb misal gətirdim”. - Qurbanov əlavə edib.
Qurbanov bildirib ki, onun üçün məşqçilik zamanla çox çətinləşir:
"Çünki daha çox üzərimdə işləməli, çox öyrənməliyəm. Bunun üçün də şərait önəmlidir. İndi elm çox inkişaf edib. Süni intellekt dediklərimizi tərcümə edir. Bəlkə futbola aid nə soruşsan cavab verəcək, bizə ehtiyac olmayacaq. O qədər məşqçidən küsmüşəm, kapriz etmişəm ki.. Bu gün futbolçularım bunu edəndə başa düşürəm. Bu gün burada oturmuşamsa, o demək deyil ən yaxşı məşqçiyəm. Dünyada o qədər yaxşı məşqçilər var. Məşqçi olmaq da, futbolçu olmaq da asan deyil. Bunun üçün istedad lazımdır.
Bu gün Messi və bəzi futbolçular 13-14 yaşlarında o qədər zəif olublar ki, heç deməzsən belə futbolçu olarlar. Yəni çox zəif olublar. Sonradan isə dünyanın ulduz oyunçularına çevriliblər. Bizdə də belə futbolçular çoxdur. Bunun üçün texniki imkanlar mütləqdir. İlk dəfədir belə forumda iştirak edirəm. Futbolun o qədər kaprizləri var. Çox şeydən danışmaq olar. İstərdim ki, futbola yaxşı investisiya qoyulsun. "Mercedes"i pis yolda yaxşı sürə bilmərəm, "06" ilə də eyni şəkildə sürərəm. Yəni pis yolda sürsəm, onun səviyyəsinə deşəcəm. Bizə yaxşı şərait lazımdır ki, yüksələk, irəli gedək".