BAKI, 11 dekabr. TELEQRAF
“Rəqibi təbrik edirəm. Oyundan sonra rəqib baş məşqçini təbrik edə bilmədim. Oyunçularının yanına getmişdi. Oyunçularımdan razı qaldım. Son illər belə sürətli və bol qollu oyunumuz olmamışdı. “Ayaks” kimi komandalar belə səhvləri bağışlamır. Bura Çempionlar Liqasıdır və burada istənilən nəticəni gözləmək lazımdı”.
Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının VI turu çərçivəsində evdə Niderlandın “Ayaks” klubuna 2:4 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis bildirib ki, “Ayaks”ın 5 oyunda alınmadığı oyunu bu gün alındı:
“Meydanda döyüşərək məğlub olduq. Nə biz, nə də azarkeşlər heç bərabərliyi gözləmirdi. Buna görə də oyunçularımız sonadək hücumda çoxluq təşkil etmək istəyirdi. Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Hava şəraitinə baxmayaraq sonadək bizimlə oldular. Məncə, hamı oyundan həzz aldı, sadəcə nəticə istənilən olmadı. Belə böyük oyunlarda futbolçularımıza deyirəm ki, gücümüzü sona qədər qorumalıyıq. Ümumi qol epizodlarınız saysaq, bəlkə də bizdə daha çox idi”.
Qurban Qurbanov sonradan meydana daxil olan oyunçulardan tam razı qalmadığını da bildirib:
“Daha yaxşı oynaya bilərdilər. Hava şəraiti də, meydança da hər iki komanda üçün eyni idi. Avropadan gələn komandalar ilboyu bu tempdə oynayırlar. Bizim həddən artıq istəkli olmağımız bəlkə də bizi yorurdu. 90 dəqiqə kənardan oyuna baxıb həzz alırdım. “Ayntraxt” bizimlə oyunda daha yaxşı formada olacaq. Bizdə fasilə olacaq deyə istəyirik ki, həmin matçdan öncə yoxlama oyunları keçirək. İstirahət vaxtından maksimum faydalı istifadə etməliyik və daha sonra “Ayntraxt”a hazırlaşmalıyıq. Pley-offa yüksəlmək üçün maksimum çalışacağıq”