BAKI, 1 oktyabr. TELEQRAF
Ötən gün saat 20:50 radələrində 91 nəfər zəhərlənmə şübhəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, onların hər birinə zəruri tibbi xidmət göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.
***
09:47
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Kürdəmir rayonunda yerləşən "Günəş" şadlıq sarayında keçirilən toy mərasimində baş verən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparır.
Bu barədə Teleqraf-a AQTA-dan məlumat verilib.
Bildirilib ki, ilkin məlumata əsasən, hadisənin baş verdiyi şadlıq sarayı icarəyə götürülüb və qida məhsulları toy sahibi tərəfindən hazırlanaraq istehlaka təqdim edilib. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür.
AQTA-nın məlumatında ölkə ərazisində son zamanlar baş verən kütləvi zəhərlənmə hadisələri toy, nişan və digər kütləvi məclislər üçün ev şəraitində qida məhsullarının hazırlanması və saxlanması zamanı temperatur rejiminə, şəxsi gigiyena qaydalarına və digər qida təhlükəsizliyi tələblərinə tam riayət olunmamasının qida zəhərlənmələri riskini artırdığı qeyd olunub.
Hadisə ilə əlaqədar aparılan araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi vurğulanıb.