BAKI, 17 noyabr. TELEQRAF
“Bu gün çox sevincliyik. Allah şəhidlərimizə rəhmət eləsin, Prezidentimizə və qazilərimizə cansağlığı versin. Onların sayəsində bu günlərə gəlib çatdıq. Haqlarını heç vaxt ödəyə bilmərik”.
Bu sözləri Teleqraf-a açıqlamasında Böyük Qayıdış proqramı çərçivəsində Zəngilan rayonunun Cahangirbəyli kəndinə köç edən keçmiş məcburi köçkün Aynurə Həsənova deyib.
O bildirib ki, 34 illik həsrətdən sonra doğma yurduna həyat yoldaşı və iki övladı ilə birlikdə qayıdır:
“Doğma yurdumdan ayrılanda 6 yaşım vardı, indi isə 40 yaşımda dörd nəfərlik ailəmlə geri dönürəm. Hamımız çox həyəcanlıyıq. Bundan sonra öz torpağımızda yaşayıb işləyəcəyik. Bu, bizim üçün böyük xoşbəxtlikdir. İnanıram ki, doğma yurduna qayıdan hər bir ailə həmin torpaqların yenidən canlanmasına öz töhfəsini verəcək”.
Qeyd edək ki, köçün bu mərhələsində Cəbrayıl rayonunun Soltanlı kəndinə 17, Zəngilan rayonunun Cahangirbəyli kəndinə 18, Xocavənd rayonunun Quzeyxırman kəndinə 12, Xocavənd şəhərinə isə 36 ailə olmaqla, ümumilikdə 83 ailə (333 nəfər) köçürülüb.