BAKI, 7 dekabr. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cənub -Muğan su kanalının Biləsuvar rayonu, Zəhmədabad kəndindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Teleqraf-a bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Lexus” markalı minik avtomobilinin idarəetməni itirərək su kanalına düşdüyü və vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən yol-nəqliyyat qəzası nəticəsində avtomobildə həyatını itirən 4 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə nəticəsində ümumilikdə 5 nəfər həyatını itirib.
Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***
10:57
BİLƏSUVAR, 7 dekabr. TELEQRAF
Dekabrın 7-də saat 2 radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Teleqraf-ın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib.
V. Həsənlinin idarə etdiyi "Lexus" markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun kənarından keçən su kanalına aşıb. Nəticədə sürücü və avtomobildə olan 4 nəfər sərnişin ölüb.
Araşdırma aparılır.
***
09:43
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Teleqraf-ın cənub bürosunun məlumatına görə, hadisə rayonun Bağbanlar kəndi ərazisində qeydə alınıb.
Axşam saatlarında kənd daxili yolda hərəkətdə olan “Lexus” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı kanala aşıb.
Nəticədə avtomobildə olan 5 nəfər suda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.