AĞDƏRƏ, 26 iyul. TELEQRAF

Məlumat verildiyi kimi Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, hazırda yanğınların söndürülməsi əməliyyatına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, Qarabağ Regional Mərkəzi və Aviasiya dəstəsindən ümumilikdə 620 nəfərdən ibarət şəxsi heyət, 51 ədəd texnika, o cümlədən 4 ədəd helikopter cəlb olunub.

Relyefin mürəkkəbliyi, havanın yüksək temperaturu və küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri günün gecə və gündüz saatlarında fasiləsiz olaraq həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

12:51

Ağdərə rayonunun Talış kəndi ərazisində baş verən yanğın meşə massivinə keçib.

Teleqraf-ın Qarabağ bürosunun verdiyi xəbərə görə, səhər saatlarında başlayan yanğın sürətlənərək geniş əraziyə yayılıb, daha sonra meşəlik əraziyə keçib.

Ərazinin çətin relyefi operativ müdaxiləyə çətinliklər yaradır. Bu səbəbdən yanğına daha çox havadan müdaxilə zərurəti yaranıb.

Hazırda hadisə yerində FHN-in yanğınsöndürmə briqadaları və helikopterlər fəaliyyətlərini davam etdirirlər.

***

12.11

Ağdərə rayonunun Talış kəndi ərazisində boşluq sahədə başlayan yanğın davam edir.

Teleqraf-ın Qarabağ bürosunun verdiyi xəbərə görə, yanğınsöndürmə tədbirlərinə FHN-in yanğınsöndürən briqadaları və aviasiya dəstəsinin helikopterləri cəlb olunub.

***

12:00

Ağdərə rayonunun Talış, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar başlayıb.

Teleqraf-ın Qarabağ bürosunun verdiyi xəbərə görə, səhər saatlarında başlayan yanğınlar küləyin təsiri ilə geniş əraziyə yayılıb.

Hadisə yerinə FHN-in yanğınsöndürən briqadaları ilə yanaşı helikopterlər də cəlb olunub.

Helikopterlər Suqovuşan su anbarından istifədə edərək yanğınsöndürmə əməliyyatlarını icra edirlər.