BAKI, 15 iyul. TELEQRAF

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Teleqraf xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı Mərkəzi və Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları cəlb olunub.

18:57

Cəlilabad rayonunun Zopun kəndi yaxınlığında bələdiyyə ərazisində başlayan, sonradan isti hava və güclü külək səbəbindən meşə fondu ərazisinə keçən yanğın artıq lokallaşdırılıb. Hazırda ərazidə az miqdarda tüstülənmə müşahidə olunur.

Teleqraf xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova məlumat verib.

"Yanğın nəticəsində 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Cəlilabad meşəbəyliyinin 4 saylı meşə dolayında kol-kos və quru ot örtüyü yanıb.

Fövqəladə Hallar Nazirliyinin, Regional Meşə Təsərrüfatı Mərkəzi və Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları tüstülənən sahələrin tam söndürülməsi istiqamətində tədbirləri davam etdirir.

Yanğının söndürülməsində iştirak edən və tüstüdən zəhrərlənən meşə gözətçisi Qəni Nadirova tibbi yardım göstərilib. Hazırda vəziyyəti qənaətbəxşdir", - İ.İbrahimova əlavə edib.

******

18:45

Xəbər verildiyi kimi, Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin qüvvələri cəlb olunub.

Teleqraf xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

***

15:38

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Hava şəraitinin küləkli olması yanğınsöndürmə işlərində çətinliklər yaradır.

Əlavə məlumat veriləcək.

***

13: 52

CƏLİLABAD, 15 iyul. TELEQRAF

Cəlilabadda meşəlik ərazidə yanğın olub.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, yanğın Cəlilabad rayonunun Zopun kəndi ərazisində meşəlik sahədə başlayıb.

İlkin məlumata görə, yanğın meşə örtüyünün sıx olduğu hissədə qeydə alınıb. Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısının alınması və ətraf ərazilərə yayılmaması üçün tədbirlər görülür.

Qeyd edilib ki, alovun lokallaşdırılması istiqamətində işlər davam etdirilir.

Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.

Hadisə zamanı 1976-cı il təvəllüdlü Cəlilabad sakini Nəzirov Qəni tüstüdən zəhərlənib.