
BAKI, 7 aprel. TELEQRAF
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, Prezident İlham Əliyev Almaniya prezidenti ilə birgə mətbuat konfransında 2024-cü ilin yanvarına qədər Ermənistanın israrla qondarma "Dağlıq Qarabağ Respublikası"nın taleyini sülh müqaviləsinə daxil etməyə çalışdığını bildirib. Artıq erməni tərəfi rəsmi şəkildə bu mövzudan imtina edib. Sülh üçün daha hansı əngəllər qalır?
- Sülh dedikdə, bəzi insanlar müxtəlif anlayışları başa düşür. Hansı hadisələr baş verməlidir ki, sülh bərqərar olsun? Bunun üçün bir neçə vacib amillər var. Sərhədlərin müəyyənləşməsi, kommunikasiyaların açılması, işğalı təmin edən qərarların hamısı ləğv olunmalıdır. Bu təkcə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası ilə bağlı deyil. Hələ də davam edən işğalçılıq ideologiyası dəyişməlidir. Təzminat və siyasi məsuliyyət, ictimaiyyətin geniş diskusiyası təşkil edilməlidir. Bu vaxt sülhün təminatından danışmaq olar. Amma bir çoxları iddia edir ki, bu və ya digər sənədə imza atan kimi sülh mümkün olacaq. Azərbaycan Prezidenti də bu mövzulara aid bütün məsələlərə aydınlıq gətirdi. Problemin həlli üçün ona aid müxtəlif hissələr var. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanat, 2021-ci ildə əldə edilən sənədlər, daha sonra isə sərhədlərin delimitasiyası ilə bağlı olan qərarlar yekun sülh sazişinin imzalanması üçün əsas mərhələdir.
- Ermənistanın sülhlə bağlı tələskənliyi nə ilə bağlıdır? Bütün tərəfləri həll edilməmiş sülh sazişi İrəvanın nəyinə lazımdır?
- Ermənilər həmişə olduğu kimi, bu və ya digər sənədi təhrif etməyə çalışırlar. Onların sülhlə bağlı tələskənliyi beynəlxalq ictimaiyyətin gözü önündə görüntü yaratmaq cəhdidir. İddia edirlər ki, erməni tərəfi Azərbaycandan fərqli olaraq sülhə hazırdır. Əslində isə reallıq tamam fərqlidir. Sərhədlərin müəyyən edilməsi, təzminat kimi vacib məsələlər həll olunmalı, kommunikasiyaların açılması təmin edilməlidir. Fakt odur ki, erməni tərəfi digər öhdəliklərdən boyun qaçırmağa çalışır. Azərbaycan əraziləri 30 il Ermənistan tərəfindən işğalda saxlanılıb, 10 minlərlə azərbaycanlı bu münaqişənin qurbanı olub. Misal üçün, Almaniya İkinci Dünya müharibəsinin başa çatmasından sonra müharibə cinayətlərinə görə hələ də təzminat ödəyir, siyasi məsuliyyətini qəbul edib, buna səbəb olan nasist ideologiyası rəsmən qadağan olunub.
- Ermənistan Xarici İşlər Nazirliyi Qarabağ ermənilərinin hüquqları ilə bağlı məsələnin gündəlikdən çıxarıldığını bildirib. Bu halda digər tələblərin də qəbul edilməsi ehtimalı varmı?
- Sülh üçün əsas olan təminatlar qəbul edilməlidir. Bu gün Nikol Paşinyan 5 bu cür sənədə imza atsa belə, bu məsələni həll etmir. Əsas erməni cəmiyyəti, onun “ideologiyası”, mentalitetidir ki, bu dəyişməlidir. Azərbaycan hazırda məhz bununla məşğuldur. Ona görə də 5-6 səhifəlik sənədə imza atmaqla belə bütün məsələlər öz həllini tapmayacaq.