
BAKI, 7 aprel. TELEQRAF
Dövlət Sərhəd Xidmətinin (DSX) Cəbrayıl rayonu ərazisində sursat partlayışı nəticəsində həlak olan hərbi qulluqçusu Əsgər Musazadəyə şəhidlik statusu veriləcək.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Teleqraf-a açıqlamasında deyib ki, hərbi qulluqçuya şəhidlik statusu hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında verilir.
"Əgər hərbi qulluqçunun xidmət vaxtı döyüş tapşırığını yerinə yetirərkən həlak olmasını təsdiq edən rəsmi arayış təqdim olunarsa, ona şəhidlik statusu veriləcək", - deyə xidmət rəsmisi bildirib.
Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musazadə xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində aşkar edilmiş sursat partlayışı nəticəsində xəsarətlər alıb. Ona ilkin tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Ə.Musazadə aprelin 7-də Lənkəran rayonunun Göyşaban kəndində dəfn edilib.