BAKI, 7 aprel. TELEQRAF

Daşınmaz mədəni irs nümunələrinin qorunması və pasportlaşdırılmasını həyata keçirən bütün dövlət orqanları üçün ümumi, vahid qaydalar və pasport forması təsdiq edilir.

Teleqraf xəbər verir ki, bu, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Qanunvericiliyə əsasən, abidələrin pasportlaşdırılmasını Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisindəki Turizim Agentliyi, "İçərişəhər" Dövlət Tarix Memarlıq və "Qala" Dövlət Tarix - Etnoqrafiya qoruqları ərazisində "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu həyata keçirir. Bu hal dövlət mühafizəsinə götürülmüş abidələrlə bağlı elmi və faktiki məlumatları özündə əks etdirən sənədin-pasportun vahid formada və qaydada deyil, hər bir qurum tərəfindən fərdi qaydalarda hazırlanmasına zəmin yaradır.

Bu baxımdan daşınmaz mədəni irs nümunələrinin qorunması və pasportlaşdırılmasını həyata keçirən bütün dövlət orqanları üçün ümumi, vahid qaydaların və bir pasport formasının təsdiq edilməsi vacibdir.

Təklif olunan dəyişiklik Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətə vahid qaydalar arasında pasportun verilməsi, abidə pasportunun nümunəvi formasının müəyyən olunması, eləcə də ölkə üzrə pasportlaşma ilə bağlı elektron məlumat bazasının yaradılması üçün hüquqi əsas yaradır.