
BAKI, 7 aprel. TELEQRAF
İsrail Baş naziri Benyamin Netanyahunun Macarıstandan ABŞ-yə uçan təyyarəsi Beynəlxalq Cinayətlər Məhkəməsi (BCM) tərəfindən onun barəsində verilən həbs qərarını icra edə biləcək ölkələrin hava məkanından yayınaraq, həmişəkindən 400 kilometr uzun məsafə qət edib.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti məlumat yayıb.
Məlumatda deyilir ki, İsrail İrlandiya, İslandiya və Niderlandın orderin icrası üçün tədbirlər görə biləcəyindən ehtiyat edərək, bu addımı atıb.
Netanyahu hazırda Prezident Donald Trampla görüşmək üçün Vaşinqtondadır. İsrail baş naziri bura Macarıstandan gəlib.
Xatırladaq ki, BCM ötən ilin noyabrında Netanyahu və o vaxtkı müdafiə naziri Yoav Qallantı Qəzza zolağında hərbi cinayətlər törətməkdə ittiham edərək, barələrində həbs qərarı vermişdi.