
BAKI, 7 aprel. TELEQRAF
Politoloq Zərdüşt Əlizadə “Teleqraf” İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- ABŞ İranı nüvə obyektlərini vurmaqla hədələyir. Cənub qonşumuza hücum ehtimalı nə qədər yüksəkdir? Hazırda Vaşinqtonla danışıqları mümkünsüz hesab edən Tehran bu təhdidlərdən sonra mövqeyini dəyişə bilərmi?
- Müharibə ehtimalı yüksəkdir. Çünki çox ciddi hazırlıqlar görülüb, Trampın addımları və qərarları da bunu edəcəyi ehtimalını gücləndirir. Ümumiyyətlə, Tramp ağlasığmaz addımlar atmağa başlayıb və bunların da ağır fəsadları olur. Məsələn, Tramp qayıtdıqdan sonra Amerika gözlənilmədən Rusiyanın müttəfiqinə, Ukraynanın düşməninə çevrildi. Tramp gözlənilmədən beynəlxalq iqtisadi nizamı pozdu, indi də İranı müharibə ilə hədələyir. Bu hədəsinin də əbəs olmadığını sübut eləmək üçün Amerikanın ən ciddi hərbi qüvvələrini İran ətrafında toplayır.
Tramp İrana qarşı elə tələblər qoyub ki, heç bir dövlət dağılmamış və məhv olmamış bunları yerinə yetirə bilməz. Tramp İranın daxili və xarici siyasətini Amerikanın maraqlarına uyğun dəyişdirmək istəyir. Tehrana görə də, bunlar mümkünsüzdür. Bu səbəbdən də müharibə ehtimalı yüksəkdir. İran hakimiyyəti də bunu anlayır, buna görə də bütün qüvvələrini səfərbər edir. Tehran hesab edir ki, ABŞ və İran müharibəyə getsə, onların Yaxın Şərqdəki mövqelərinə zərbələr endirəcək.
İrandakı hədəfləri Amerika üçün əlçatandır. Amerikanın ərəb ölkələrində - Bəhreyn, Oman, Küveyt, Səudiyyə Ərəbistanı, İraq və Suriyada hərbi bazaları var. Yəni Amerika İranı vura bilər. Nə qədər itkinin olacağı ayrı məsələdir, amma Amerika hərbi cəhətdən İrandan qat-qat güclüdür və ona güclü zərbələr endirə bilər.
İrana hücum neftin qiymətini ağlasığmaz səviyyəyə qaldıracaq. Neftin daşınması yollarında ciddi maneələr yarana bilər. İran körfəzdə gəmilərini batırmaqla hədələyib. İndi hər şey Amerika daxilindəki qüvvələrin Trampın qarşısını alıb-almayacaqlarından asılıdır.
- Hücum baş tutarsa, bu, regionda hərbi-siyasi müstəvidə hansı proseslərə yol aça bilər?
- Azərbaycan üçün bir o qədər təsiri olmayacaq. Çünki Azərbaycanın quru sərhədləri bağlıdır. Hava üzərindən nə qədər adam gələ bilər? 100-200-500... Bundan artığı olmayacaq. Azərbaycan müharibəyə qoşulmayacaq. Çünki bunun ona dəxli yoxdur. Əlbəttə, qonşu mənzildə yanğın baş verirsə, bunun müəyyən qədər bizə də mənfi təsiri ola bilər. Neft qiymətlərinin artması Azərbaycanın xeyrinədir, amma İranda böyük dağıntı və itkilər bizə ziyandır. Çünki İran qonşuluqda yerləşir.
- Artan təhdidlər fonunda İrandan “nüvə silahı əldə etməliyik” mesajları da gəlir. Tehranın buna imkanları varmı və beynəlxalq oyunçular ona bu imkanı tanıyacaqmı?
- Bir istək, bir də imkan var. İranın istəyi böyükdür, amma imkanı yoxdur. Hələlik İranın nüvə silahı əldə etmək imkanları mövcud deyil.
- İranın Yaxın Şərqdəki proksi qüvvələri də hədəfdədir. ABŞ Yəməndə husilərə qarşı hava əməliyyatlarını artırıb. Bu, tendensiya halını ala bilərmi? Məsələn, İraqdakı proksilərinin hədəfə alınması kimi.
- Onları müəyyən qədər zəiflədə bilərlər, amma tam məhv edə bilməzlər.
- İranın İraqdakı proksi qrupları ilə bağlı maraqlı bir məlumat da yayılıb. “Kətaib Hizbullah”, “Nücəba”, “Kətaib Seyyid əl-Şühada” və “Ənsarallah əl-Əvfiyyə” qrupları tərksilah olmağa hazır olduqlarını bəyan ediblər. Bu, nədən xəbər verir?
- Bu, o deməkdir ki, Amerika ilə müharibədə dağılmış İraq dövləti yavaş-yavaş toparlanır, öz ərazisində qanunların aliliyini təmin edir, qanunsuz və hansısa xarici dövlətə tabe olan qruplaşmaları özünə tabe olan qurumlarda birləşmələrinə nail olur. Eyni prosesi Suriyada da görürük. Məsələn, kürd birləşmələri bəyan elədilər ki, onlar Suriyanın vahid komandanlığına tabe olmağa hazırdırlar. İraqda da Bağdada tabe olmayan qüvvələr vahid komandanlığa tabe olmağa hazır olduqlarını bildirirlər. Onların vətənləri İraqdır.
Dərəbəylik zamanı hamı qudurur, kimsə kimsəni tanımır. Amma ciddi intizam dövrü gələndə hamı nizama tabe olmağa başlayır.