Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, martın 21-də ölkə ərazisində qeydə alınan 26 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 24, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, martın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 4 qumbara, 2 tüfəng, 1 patron darağı və 30 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.