BAKI, 8 avqust. TELEQRAF

ABŞ Kolumbiyanın yeni prezidenti Abelardo de la Espriyelyanın administrasiyasına dəstək məqsədilə 1 milyard dollar ayırmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda bildirilib.

Məlumata görə, Donald Tramp administrasiyası Konqreslə birgə təhlükəsizlik sahəsində yardım paketi çərçivəsində bu vəsaitin ayrıldığını elan etməyi planlaşdırır.

Bəyanatda qeyd olunur ki, ayrılacaq maliyyə vəsaiti əsasən ABŞ ilə birgə Qərb yarımkürəsində mütəşəkkil cinayətkarlıq və narkotik kartellərinə qarşı mübarizəyə yönəldiləcək.

Bununla yanaşı, vəsaitin bir hissəsinin iqtisadi layihələrin, ticarətin və strateji əhəmiyyətli faydalı qazıntıların hasilatının inkişafına sərf olunması nəzərdə tutulur.

Xatırladaq ki, Kolumbiyanın yeni prezidenti Abelardo de la Espriyelya andiçmə mərasimindən sonra etdiyi ilk çıxışında ölkəsinin ABŞ-nin yaratdığı "Amerikaların Qalxanı" (Shield of the Americas) alyansına qoşulacağını açıqlayıb.

Martın 7-də Mayamidə keçirilən "Amerikaların Qalxanı" sammitində ABŞ Prezidenti Donald Tramp Latın Amerikasının bir sıra ölkələrinin liderlərini qəbul etmiş və beynəlxalq narkotik kartellərinə qarşı hərbi koalisiyanın yaradıldığını elan etmişdi.