BAKI, 8 avqust. TELEQRAF
Yəmən Silahlı Qüvvələri təmas xətti boyunca İran tərəfindən dəstəklənən “Ənsarallah” Hərəkatının - husilərin mövqelərinə qarşı hərbi əməliyyat keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Yəmən Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu əməliyyat husilərin Silahlı Qüvvələrə və mülki şəxslərə qarşı hücumlarına cavab olaraq keçirilib. Qurum vurğulayıb ki, hücumlar davam edəcəyi təqdirdə, husilərə qarşı heç bir güzəştə getmədən cavab veriləcək.
Yəmən Müdafiə Nazirliyinin bəyanatında həmçinin qeyd olunub ki, bu əməliyyat ordu komandanlığı və müxtəlif cəbhələri arasında koordinasiya və vahid komandanlığın mövcudluğunu nümayiş etdirib.
Yəmən ordusu husiləri və bölgədəki onların dəstəkçilərini gərginliyin davam etməsinə görə məsuliyyət daşımaqda ittiham edib. Ordu həmçinin bu qrupun Yəməni regional münaqişələrə cəlb etdiyini və ölkə iqtisadiyyatına zərər vurduğunu bildirib.