BAKI, 8 avqust. TELEQRAF

Rusiya ordusunun gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə Kiyev vilayətinə endirdiyi zərbələr nəticəsində 3 nəfər, o cümlədən bir uşaq həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkoya istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Brovarı rayonunda PUA qalıqlarının düşməsi nəticəsində fərdi yaşayış evi, təsərrüfat tikililəri və avtomobillər zədələnib. Həmçinin qeyri-yaşayış binasının ərazisində yanğın baş verib.

"Əfsuslar olsun ki, üç nəfər, o cümlədən bir uşaq həlak olub. Daha üç nəfər xəsarət alıb, onların arasında da bir uşaq var. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm", - deyə Tkaçenko bildirib.

Hazırda hadisə yerlərində xilasedicilər və digər aidiyyəti qurumların əməkdaşları işləyir, hücumun nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, Rusiya ordusu avqustun 8-nə keçən gecə Ukraynaya PUA-larla hücum edib. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, pilotsuz aparatların bir hissəsi Çerniqov vilayəti istiqamətindən Kiyev bölgəsinə daxil olub.