BAKI, 8 avqust. TELEQRAF

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Hərbi Hava Qüvvələrinin sabiq naziri Frenk Kendalı məxfi məlumatlara çıxış hüququndan məhrum edib.

Teleqraf xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell "X" sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, qərar ABŞ Prezidenti Donald Trampa Qətər kral ailəsi tərəfindən hədiyyə edilən prezident təyyarəsinin texniki xüsusiyyətləri ilə bağlı məxfi məlumatların mediaya sızdırılması səbəbindən qəbul edilib.

"Pentaqon Frenk Kendalın məxfi məlumatlara çıxışını və gələcəkdə hər hansı həssas vəzifə tutmaq imkanını dərhal dayandırır. Bu addım prezident təyyarəsinin xüsusiyyətlərinə dair məxfi məlumatların razılaşdırılmadan mediaya açıqlanması ilə əlaqədardır", - deyə Parnell bildirib.

Frenk Kendal 2021–2025-ci illərdə, Co Bayden administrasiyası dövründə ABŞ Hərbi Hava Qüvvələrinin naziri vəzifəsində çalışıb.

Xatırladaq ki, daha əvvəl "The New York Times" qəzetinin jurnalistləri Donald Trampın Qətər kral ailəsindən hədiyyə aldığı yeni təyyarənin təhlükəsizlik baxımından kifayət qədər təchiz olunmaması barədə məqalə dərc etdikdən sonra məhkəməyə ifadə vermək üçün çağırılmışdılar. Daha sonra ABŞ Ədliyyə Nazirliyi həmin çağırışları geri götürmüşdü.

Donald Tramp isə bildirib ki, yeni prezident təyyarəsi yaxın vaxtlarda əlavə müdafiə sistemləri ilə təchiz ediləcək. Bu səbəbdən o, iyul ayında NATO sammitinə yeni deyil, köhnə prezident təyyarəsi ilə səfər etmişdi.