BAKI, 7 avqust. TELEQRAF
Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən binada baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən tam söndürülüb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğın nəticəsində binanın 1-ci mərtəbəsinin qeyri-yaşayış sahəsində fəaliyyət göstərən müxtəlif təyinatlı 11 obyektdən 3-nün yanar konstruksiyaları 120 kv.m. sahədə, eləcə də 2-ci mərtəbədə yerləşən vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan üçotaqlı mənzilin döşəməsi yanıb. Binanın böyük hissəsi yanğından mühafizə edilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri FHN əməkdaşları tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
***
15:04
Bakıda obyektdə baş verən yanğın zamanı 6 nəfər tüstüdən zəhərlənib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, bu gün saat 11:35 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Y. Məmmədəliyev küçəsi ərazisindən yanğın hadisəsi səbəbilə çağırış qeydə alınıb.
"Çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 2 kişi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara dərhal zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb. Tüstüdən zəhərlənmə diaqnozu təyin edilən şəxslərin vəziyyəti stabil qiymətləndirilir və müalicələri Toksikologiya şöbəsində davam etdirilir.
4 nəfərə (1 qadın, 3 kişi) isə stresə qarşı və tüstüdən zəhərlənmə ilə əlaqədar yerində yardım olunub", - məlumatda qeyd olunub.
***
13:42
Bakının mərkəzində obyektdə baş verən yanğın məhdudlaşdırılıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
***
12:06
Xəbər verildiyi kimi, Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən binada yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Bu barədə Teleqraf-a FHN-dən bildirilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Təhlükəsizlik tədbirləri çərçivəsində binadakı vətəndaşlar FHN qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
Əlavə məlumat veriləcək.
***
11:32
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Bu barədə Teleqraf-a FHN Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.