BAKI, 5 avqust. TELEQRAF

Abşeron rayonunun Məmmədli kəndində yerləşən yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının yanacaqdoldurma məntəqəsinin ərazisində, bir dam altında yerləşən, ümumi sahəsi 260 kvadratmetr olan 8 boksdan ibarət avtomobil təmiri sexi və ehtiyat hissələri satışı mağazalarında baş verdiyi müəyyən edilib. Yanğının ətrafa və yanacaqdoldurma məntəqəsinə keçmə riski yüksək olub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində alovun digər bokslara və yanacaqdoldurma məntəqəsinə yayılmasının qarşısı alınıb, yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində iki boksun yanar konstruksiyaları 60 kvadratmetr sahədə, dam örtüyünün taxta atmaları isə 260 kvadratmetr sahədə yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Nazirliyin məlumatına görə, digər obyektlər və yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub.