“ABŞ Ermənistanla Azərbaycan arasında istənilən sənədin ən qısa müddətdə imzalanmasına nail olmağı hədəfləyib”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Tiqran Qriqoryan deyib.

Baş nazir Nikol Paşinyanın açıqlamasında istinad edən ekspert qeyd edib ki, yaxın vaxtlarda iki ölkənin xarici işlər nazirləri Vaşinqtonda görüşəcək.

Həmin görüş iyunun 12-də baş tutmalı idi, amma təxirə salınmışdı. Qriqoryanın sözlərinə görə, tərəflər sülh mətni üzrə razılaşmanı müzakirə etmək üçün Amerika tərəfinin fəal müdaxiləsi ilə danışıqların gündəliyinə qayıdırlar. Politoloqun fikrincə, Vaşinqton kifayət qədər intensiv müzakirələrin aparıldığı platformadır, məqsədi tərəflərin mövqelərini, xüsusən də əsas məsələlərdə bir-birinə yaxınlaşdırmaqdır.

Sülh müqaviləsinin sərhədin delimitasiya və demarkasiyası prosesindən sonra və ya bundan əvvəl imzalanması ilə bağlı müzakirələrə olunan suala toxunan Qriqoryan vurğulayıb ki, indiki mərhələdə çərçivə sazişinin imzalanması məsələsi müzakirə edilir:

“Yəni, ümumi mətni olan sənəd imzalanacaq, ondan sonra konkret proseslər həyata keçiriləcək. Aydındır ki, delimitasiya və demarkasiya sonradan baş verəcək, çünki adətən bu proses uzun çəkir”.

Ekspert ABŞ-ın Türkiyəyə təzyiqlərindən danışıb, o hesab edir ki, belə səylər heç bir nəticə vermir:

“Ərdoğan kifayət qədər müstəqil siyasət aparır, NATO-nun təsir dairəsindən çıxıb, Rusiya ilə praqmatik əməkdaşlıq edir. Buna görə də ABŞ-ın təsirləri haqda çox düşünməyə dəyməz”.