BAKI, 26 iyun. TELEQRAF

Böyük Britaniyanın paytaxtı Londonda keçirilən hərracda ispan rəssam Pablo Pikassonun fotoqraf Dora Maarın portreti 1,3 milyon funt-sterlinqə (təxminən 1,7 milyon ABŞ dolları) satılıb.

Teleqraf xəbər verir ki, əsərin ilkin qiymətləndirilən dəyəri 600-800 min funt-sterlinq idi. Hərracı "Sotheby's" təşkil edib.

Pikasso bu portreti 1936-cı ilin noyabrında, Dora Maarla tanışlığından və onların münasibətlərinin başlanmasından qısa müddət sonra çəkib. Rəssam əsəri sevgilisinə hədiyyə edib. Dora Maar tabloyu 1997-ci ildə vəfatınadək şəxsi kolleksiyasında saxlayıb. Daha sonra rəsm britaniyalı iş adamı və investor Co Lyuisin kolleksiyasına daxil olub.

İyunun 25-də keçirilən hərracda fransız rəssam Klod Monenin 1864-cü ildə çəkdiyi "Ayaqüstə duran kişinin portreti" 1 milyon funt-sterlinqə (təxminən 1,3 milyon dollar) satılıb. Bundan başqa, niderlandlı rəssam Vinsent van Qoqun "İsinən qoca" əsəri 895 min funt-sterlinqə (1,2 milyon dollar), fransız rəssam Pyer Bonnarın "Uğur qazanmış qadın" tablosu 705 min funt-sterlinqə (930 min dollar), belarusəsilli fransız rəssam Mark Şaqalın "Xoruzlu qırmızı qadın" əsəri isə 600 min funt-sterlinqə (800 min dollar) alıcı tapıb.

Hərracda həmçinin Anri Matissin avtoportreti və Edqar Deqanın "Aktrisaların qrim otağı" əsəri hər biri 590 min funt-sterlinqə (780 min dollar), Anri de Tuluz-Lotrekin "Rü-de-Mulen küçəsinin pilləkənlərində" tablosu isə 500 min funt-sterlinqə (660 min dollar) satılıb. Sadalanan bütün əsərlər Co Lyuisin kolleksiyasına aid olub.

İyunun 24-də keçirilən hərracda kolleksiyanın ən bahalı əsərləri də satılıb. Onların arasında italyan rəssam Amedeo Modilyaninin portreti 48,2 milyon funt-sterlinqə (63,5 milyon dollar) alıcı tapıb. İki gün ərzində satılan lotlardan əldə olunan ümumi gəlir 305 milyon funt-sterlinqi (təxminən 400 milyon dollar) ötüb. Bu göstərici əvvəlcədən proqnozlaşdırılan 200 milyon funt-sterlinqi xeyli üstələyib və Avropada indiyədək bir kolleksiyaçıya məxsus hərrac kolleksiyası üçün qeydə alınan ən yüksək qiymətləndirmələrdən biri olub.