BAKI, 26 iyun. TELEQRAF

Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 235 nəfərə yüksəlib, 4,3 mindən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Teleqraf xəbər verir ki, Venesuela səhiyyə naziri Karlos Alvarado dövlət televiziyası "Venezolana de Televisión"un efirində bildirib ki, tibb müəssisələrinə həyati əlamətləri olmayan və ya xəstəxanaya çatdırılarkən vəfat etmiş 235 nəfər gətirilib.

Nazirin sözlərinə görə, zərərçəkən 4300-dən çox şəxsə tibbi yardım göstərilib.

"Onların bir qismi yüngül xəsarət alıb. Lakin orta ağır və ağır vəziyyətdə olan xəstələr də var. Bir çox yaralının cərrahi əməliyyata ehtiyacı yaranıb", - deyə Alvarado bildirib.

O qeyd edib ki, ən ağır vəziyyət Venesuelanın La-Quayra ştatında müşahidə olunur.

Qeyd edək ki, iyunun 24-də Venesuelanın Yarakuy ştatında 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib. Ölkədə fövqəladə vəziyyət elan olunub və axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

***

01:41

Venesuelada baş verən güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 188 nəfərə, yaralananların sayı isə 1520-yə çatıb. Hazırda 157 nəfər itkin düşmüş hesab olunur.

Teleqraf xəbər verir ki, iyunun 24-ü axşam saatlarında ölkənin Yarakuy ştatında episentrləri bir-birindən təxminən 10 kilometr məsafədə yerləşən 7,2 və 7,5 bal gücündə iki zəlzələ baş verib.

Yeraltı təkanlar nəticəsində paytaxt Karakas da daxil olmaqla ölkənin bir sıra bölgələrində yaşayış və inzibati binalar dağılıb. Karakasın beynəlxalq Mayketiya hava limanı zədələndiyi üçün fəaliyyətini qismən dayandırıb. Hökumət ölkədə fövqəladə vəziyyət elan edib. Xilasetmə qrupları dağıntılar altında qalan insanların axtarışını davam etdirir.

Rəsmilərin məlumatına əsasən, La-Quayra ştatında azı 15 ev tamamilə dağılıb, zərər çəkmiş sakinlər isə müvəqqəti sığınacaqlara və hotellərə yerləşdirilir. Zədələnmiş yaşayış binalarında qaz təchizatı dayandırılıb, ölkə üzrə 30-a yaxın təkrar yeraltı təkan qeydə alınıb. Hökumət infrastrukturun bərpası üçün 200 milyon dollarlıq xüsusi fond yaradıb.

Rusiya, ABŞ, Avropa İttifaqı, Çin, Türkiyə, Braziliya və bir sıra digər ölkələr Venesuelaya humanitar və xilasetmə yardımı göstərməyə hazır olduqlarını açıqlayıblar. Rusiya səfirliyi isə ölkədə olan Rusiya vətəndaşları arasında ölən və ya xəsarət alanların olmadığı barədə məlumat yayıb.