BAKI, 24 iyun. TELEQRAF

Real TV-nin baş direktoru Mirşahin Ağayev sosial şəbəkələrdə xarici qüvvələrin sifarişi ilə Azərbaycanın Milli Qəhrəmanı, şəhidimiz Albert Aqarunova qarşı qaralama kampaniyası aparan ünsürlərə cavab verib.

Teleqraf Mirşahinin müəllifi olduğu "Adını Albert qoy!" sujeti təqdim edir.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Albert Aqarunov əslən dağ yəhudisi olub. Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhəyə getmiş Aqarunov tank briqadasının tərkibində Ağdam, Cəbrayıl, Füzuli, Laçın bölgələrində vuruşub. Şuşa uğrunda gedən döyüşlərdə şəhərin müdafiəsində qalan son əsgərlərdən olan Aqarunov tank döyüşü zamanı erməni komandir Qaqik Avşaryanı məğlub edib. O, daha sonra Şuşa–Laçın yoluna irəliləmiş, döyüş əsnasında tankdan enmiş, həlak olanların üzərindən keçməsin deyə sürücüyə yol göstərərkən şəhid olub.

Aqarunov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Onun şərəfinə xatirə lövhələri, büst, küçə və həmin küçədə heykəl mövcuddur.