BAKI, 5 iyun. TELEQRAF
Ümumdünya Ətraf Mühit Günü (WED) çərçivəsində “Xəzər dənizi yol ayrıcında: dəniz səviyyəsinin azalması və regional fəaliyyət üzrə elmi-analitik müzakirə” mövzusunda yüksək səviyyəli yan tədbir keçirilib.
Teleqraf xəbər verir ki, tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası Katibliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin açılışında ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev çıxış edərək Xəzər dənizində müşahidə olunan səviyyə azalmasının yaratdığı ekoloji, sosial və iqtisadi risklərə diqqət çəkib, bu istiqamətdə elmi əsaslı yanaşmaların, məlumat mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Panel müzakirələrində dövlət qurumlarının nümayəndələri, yerli və beynəlxalq ekspertlər, elmi-tədqiqat institutlarının mütəxəssisləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Müzakirələr zamanı Xəzər dənizində səviyyə dəyişikliklərinin səbəbləri, iqlim dəyişmələrinin təsirləri və regional əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
***
11:16
Azərbaycanın ev sahibliyi ilə Heydər Əliyev Mərkəzində Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Bakıda Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş beynəlxalq tədbir keçirilir.
Teleqraf xəbər verir ki, "Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə" mövzusunda keçirilən tədbirdə Azərbaycanla yanaşı, UNEP-in nümayəndələri də iştirak edir.