BAKI, 13 iyun. TELEQRAF

Bu gün Azərbaycan məktəblərində son zəng çalınıb. İndiyədək şagirdləri dərsə səsləyən zəngin sədaları bu dəfə onları məktəbdən həmişəlik ayırıb.

Cari tədris ilində ölkə üzrə ümumilikdə 116 min 550 nəfər məzun olur. Onlardan 144 şagird məzun Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin payına düşür.

Teleqraf İnformasiya Agentliyi sözügedən liseyin "Son zəng" tədbirindən reportajı təqdim edir:

“Son zəng” tədbiri Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov 6 nömrəli məktəb liseyin məzunlarını təbrik edərək, təhsil ocağının fəaliyyəti və qazandığı uğurlar barədə məlumat verib, gənclərə gələcək həyatlarında düzgün seçimlər etməyi və uğurlu karyera qurmağı arzulayıb.

Tədbirdə məktəbin direktoru Gülşən Orucova çıxış edərək məzunları bu əlamətdar gün münasibətilə təbrik edib. Direktor bildirib ki, bu il məktəbi 144 məzun bitirir və onların 70 faizi artıq xarici universitetlərə qəbul olunub. O qeyd edib ki, məzunlar buraxılış imtahanlarında yüksək nəticələr göstəriblər:

“Məzunlarımızla hər zaman fəxr etmişik. Çünki harada olmalarından asılı olmayaraq, Azərbaycana töhfə verə biləcək vətəndaşlar yetişdirmişik. İnanıram ki, builki məzunlarımız da gələcəkdə ölkəmizin inkişafına öz töhfələrini verəcəklər”.

11-cilərin sinif rəhbərləri çıxış edərək bildiriblər ki, onlar şagirdlərin bu mərhələyə çatmasından qürur duyur, onlara gələcək həyatlarında uğurlar arzulayıb və məzunlara seçdikləri yolda əzmlə irəliləməyi tövsiyə ediblər.

Sonda bu günün əsas qəhrəmanları olan 11-cilər də öz təəssüratlarını bölüşüblər.

Murad Cəfərov sinif yoldaşlarına uğurlar arzuladığını və onlarla fəxr etdiyini bildirib:

“Bu gün hər birimizlə qürur duyuram. Çünki biz əziyyət çəkən, dərslərə məsuliyyətlə yanaşan, qəbul və buraxılış imtahanlarında yüksək nəticələr göstərən şagirdlərik. İstər ölkədə, istərsə də xaricdə təhsil alacaq məzunların gələcəyinin parlaq olacağına inanıram. Əsas məsələ insanın özünə inanması və məqsədlərinə doğru inamla addımlamasıdır”.

Murad Cəfərov əlavə edib ki, həkim olmaq istəyir və bu istiqamətdə təhsilini davam etdirməyi planlaşdırır:

“Mən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına qəbul olmağı planlaşdırıram. Ümid edirəm ki, imtahanı uğurla verib həkimlik ixtisası üzrə təhsil alacam".

Fidan Qafarova isə həm kədərli, həm də həyəcanlıdır.

“Bu gün məktəbi bitirirəm və çox həyəcanlıyam, çünki sinif yoldaşlarımı artıq hər gün görə bilməyəcəyəm. Ali təhsilini xaricdə davam etdirmək istəyirəm. Almaniyada oxumağı və orada yaşamağı düşünürəm. İxtisas olaraq biznesin idarə edilməsi sahəsini seçmişəm”.

Məzun Hüseyn Əhmədov məktəblə vidalaşdığı üçün kədərlənsə də, qarşıda daha gözəl günlərin olduğuna inandığını deyib:

“Bu gün son zəngimdir, məktəbi bitirirəm. Sinif yoldaşlarımı və müəllimlərimi sonuncu dəfə şagird kimi görmək mənim üçün çox qəribə hissdir. Son zəngi eşitmək də bir tərəfdən məni kövrəldir, digər tərəfdən qürurlandırır. Amma eyni zamanda hiss edirəm ki, qarşıda hər şey daha da yaxşı olacaq. Təhsilimi İqtisad Universitetində davam etdirməyi planlaşdırıram. Biznesin idarə edilməsi ixtisasını seçməyi düşünürəm. Nəticələrim də yaxşıdır və bu hədəfə çatacağıma inanıram”.

Əhməd Məhərrəmli: “Bu gün 11 illik yolun sonudur. Amma inanmaq istəyirəm ki, bu, bir son deyil, davamı olacaq. İçimdə həm sevinc, həm də qəribə bir boşluq var. Bu məktəbin həyətində son dəfə addımlamaq qəribə hissdir. Amma bilirəm ki, bizi daha böyük uğurlu yollar gözləyir.

Bakı Dövlət Universitetinə hazırlaşıram. Kompüter texnologiyaları ixtisasını seçmək istəyirəm. Gələcəkdə bu sahədə təhsil alaraq peşəkar mütəxəssis olmağı hədəfləyirəm”.

Mərasimdə müəllimlər və valideynlər on birinciləri təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıblar. Tədbirdə məzunların iştirakı ilə konsert proqramı təqdim edilib, daha sonra son zəng çalınıb.

FOTO: Elnur Muxtar