BAKI, 26 iyun. TELEQRAF
Futbol üzrə dünya çempionatının F qrupunda son turun oyunlarından sonra Niderland, Yaponiya və İsveç milliləri pley-off mərhələsinə vəsiqə qazanıblar.
Teleqraf xəbər verir ki, Niderland yığması ABŞ-nin Missuri ştatının Kanzas-Siti şəhərində keçirilən qarşılaşmada Tunis millisini 3:1 hesabı ilə məğlub edib. Oyunda hesab 3-cü dəqiqədə tunisli Elyes Şkirinin avtoqolu ilə açılıb. Ardınca Brayan Brobbi (7) və Yan Paul van Hekke (62) fərqləniblər. Tunisin yeganə qolunu Mahaçqala "Dinamo"sunun futbolçusu Hazem Masturi vurub.
Qrupun digər görüşündə isə Yaponiya və İsveç milliləri ABŞ-nin Texas ştatının Arlinqton şəhərində 1:1 hesablı heç-heçə ediblər.
Nəticədə Niderland millisi 7 xalla qrup lideri olub. Yaponiya 5 xalla ikinci, İsveç isə 4 xalla üçüncü yeri tutub. Turnirin reqlamentinə əsasən, ən yaxşı üçüncü yer sahibləri də pley-off mərhələsinə yüksəldiyi üçün İsveç yığması da mübarizəni davam etdirəcək. Tunis millisi isə xalsız qalıb.
1/16 finalda Niderland Mərakeşlə qarşılaşacaq. Görüş iyunun 30-da Meksikanın Monterrey şəhərində keçiriləcək. Yaponiya isə iyunun 29-da ABŞ-nin Hyuston şəhərində Braziliya millisi ilə üz-üzə gələcək. İsveçin növbəti rəqibi daha sonra müəyyənləşəcək.
***
04:23
Futbol üzrə dünya çempionatının F qrupunda III tur çərçivəsində Yaponiya və İsveç oyunu keçirilir.
Teleqraf xəbər verir ki, 62-cı dəqiqədə İsveç millisi hesabı bərabərləşdirib 1-1.
***
04:16
Futbol üzrə dünya çempionatının F qrupunda III tur çərçivəsində Yaponiya və İsveç oyunu keçirilir.
Teleqraf xəbər verir ki, 56-cı dəqiqədə Yaponiya millisi hesabı açıb 1-0.
***
03:52
Futbol üzrə dünya çempionatının F qrupunda III tur çərçivəsində Yaponiya və İsveç oyunu keçirilir.
Teleqraf xəbər verir ki, ilk hissə qolsuz bərabərliklə yekunlaşıb.
***
03:00
Futbol üzrə dünya çempionatının qrup mərhələsində növbəti oyunlar keçirilir.
Teleqraf xəbər verir ki, F qrupunun III turu çərçivəsində Yaponiya və İsveç yığmaları qarşılaşır.
Oyun Bakı vaxtı ilə saat 03:00-da start götürüb.