BAKI, 7 mart. TELEQRAF

“Çelsi” və “Nyukasl” “Əl-Hilal”ın futbolçusu Darvin Nunyesi heyətinə qatmaq istəyir.

Teleqraf "Caught Offside" nəşrinə istinadla xəbər verir ki, 26 yaşlı hücumçu özü Avropaya qayıtmağı planlaşdırır.

Transferin qarşısında əsas maneə oyunçunun həftəlik təxminən 460 min avro məbləğində qazanc əldə etməsidir. Buna baxmayaraq, Nunyesin maaşının azaldılmasına razı ola biləcəyi bildirilir.

"Transfermarkt" portalının məlumatına görə, futbolçunun bazar dəyəri 35 milyon avro təşkil edir.

Qeyd edək ki, Nunyes cari mövsümdə bütün turnirlərdə 24 oyunda iştirak edib, 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.