BAKI, 19 fevral. TELEQRAF
“Əfsuslar olsun ki, belə bir məğlubiyyət oldu. Doğma meydanımızda belə uduzmaq istəməzdik. Bu səviyyədə istənilən nəticə ola bilər. Böyük məğlubiyyətlər qaçılmazdır. İlk dəqiqələrdən futbolçular böyük zərbə aldılar. İlk qollardan sonra futbolçular boks dilində desək nokauta düşdülər”.
Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda İngiltərənin “Nyukasl” klubuna 1:6 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
“Nyukasl” həm fiziki, həm taktiki, həm də texniki cəhəddən çox yüksək hazırlıqlı idi. Məğlubiyyətə baxmayaraq, azarkeşlər sonadək yanımızda oldular, birliyimizi göstərdilər, onlara təşəkkür edirəm. Böyük futbolun nə olduğunu bu gün gördük. Önümüzə daha da pozitiv və ciddi baxmalıyıq. Futbolçular böyük bir əziyyət çəkdilər. Fevral ayınadək həm siz, həm də azarkeşlər Çempionlar Liqasını gördülər. Bu il futbol ölkəmizdə daha da populyarlaşdı” - Qurbanov əlavə edib.
- Fasilədə futbolçularına nə dediniz?
- Ancaq futbolçuları sakitləşdirməklə məşğul oldum. Belə davam etməməli olduqlarını dedim. Çünki hesab daha da arta bilərdi. Bədavi Hüseynovu da müdafiəni gücləndirmək üçün oyuna saldım. Rotasiyaları düşünmürük, hələ cavab oyunumuz var. 3-4 məşqimiz olacaq, daha da yaxşı hazırlaşmalıyıq. Çünki qarşımızda “bağışlaya bilməyən” rəqib var. Bu İngiltərədə də belədir. Onlar bununla tanınır. Ola bilər ki, mənim fikirlərim daima özümüzü siğortlamaq üçün səslənir kimi görünə bilər. Biz qəbul etməliyik ki, hər oyundan-oyuna səviyyə artır, rəqib daha da güclü olur.
- Bəhlul Mustafazadənin zədəsi ciddidir?
- Sabah dəqiq bilinəcək. Əzələ dartılması kimi görünür.
- Azarkeşlər də sonadək tribunada qaldı...
- Əvvələr uduzan zaman azarkeşlər oyunu erkən tərk edirdilər, amma bu gün belə olmadı. Onlar da bugünkü səviyyənin tamam başqa olduğunu bilirlər. Əvvəllər bəzən səhv etdiyimiz zaman fitə basılırdıq, etiraz olunurdu, amma bu gün belə olmadı. İngiltərəli fanatların qarşısında belə olduqlarına görə azarkeşlərin hər birinə təşəkkür edirəm.