BAKI, 19 may. TELEQRAF

"Hələ hər şey bitməyib. Mayın 31-də kubok finalımız var".

Bunu Teleqraf-a açıqlamasında "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev Azərbaycan Premyer Liqasının XXXV turunda evdə “Kəpəz”i 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

25 yaşlı müdafiəçi "Sabah" komandasını da məğlub edərək, mövsümü "qızıl dubl"la başa vurmaq istədiklərini vurğulayıb. Lakin o,:UEFA Çempionlar Liqası barədə danışmağın tez olduğunu diqqətə çatdırıb: "Cari mövsüm bitəndən sonra yenidən komanda ilə yığışıb hazırlaşacağıq. İstəyimiz orada da uğurlu nəticə əldə etməkdir".

Mayın 18-də qızıl medallara qovuşan "Qarabağ"ın oyunçusu çempionluğa layiq olduqlarını söyləyib: "Bütün komanda yoldaşlarımı, məşqçilər heyətini, azarkeşləri, "Qarabağ"sevərləri təbrik edirəm. Layiq olduğumuz çempionluğu qazandıq".

O, komandası üçün cari mövsümü dəyərləndirib: "Yerli çempionatı uğurlu saymaq olar. Amma UEFA Avropa Liqasında uğurlu çıxış edə bilmədik, gələn mövsüm daha yaxşısını etməyə çalışacağıq".

Cəfərquliyev öz üzərində daim işlədiyini bildirib: "Azarkeşlərin məndən gözləntiləri çoxdur, bunu puç etmərəm. Öz üzərimdə daim işləyirəm".

Cəfərquliyev gələcək karyerası barədə də söz açıb: "Müqaviləmlə bağlı hələlik rəhbərliklə heç bir danışığımız olmayıb. Özümü legioner kimi görmək istərdim. Hər hansı ölkədə oynamağımı düşünməmişəm, amma top liqaları istərdim".