BAKI, 24 aprel. TELEQRAF

UEFA-nın Türkiyədə nümayəndəliyi fəaliyyətə başlayacaq.

Teleqraf AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu gün İstanbulda nümayəndəliyin açılış mərasimi keçiriləcək.

AFFA-nı tədbirdə icraçı vitse-prezident Sərxan Hacıyev təmsil edəcək. Tədbirdə AFFA-nın sabiq baş katibi, hazırda FIFA-nın Üzv Assosiasiyaların direktoru Elxan Məmmədov da iştirak edir. E.Məmmədov ötən gün tədbir iştirakçıları üçün verilən ziyafətə qatılıb. S.Hacıyev əvvəllər AFFA-nın sabiq baş katibinin müavini olub.

Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, UEFA rəhbəri Aleksander Çeferin və bir neçə federasiya rəhbərlərinin iştirakı gözlənilir.

Tədbir Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, UEFA İngiltərənin paytaxtı London və Belçikanın paytaxtı Brüsseldən sonra sayca üçüncü nümayəndəliyini İstanbulda açacaq.