
BAKI. 11 aprel. TELEQRAF
“Bilirdik ki, bizi ağır oyun gözləyir. Rəqibin gücü bəllidir. Uşaqlara təşəkkür edirəm ki, mübarizə apardılar".
Teleqraf xəbər verir ki, bunu “Səbail"in məşqçisi Elvin Məmmədov Azərbaycan Premyer Liqasının XXX turunda evdə “Qarabağ”a 1:4 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.
Komandasındakı çatışmazlıqlardan məlumatlı olduğunu bildirən 37 yaşlı mütəxəssis gələcək oyunlara hazırlaşıb, maksimum nəticələr əldə etmək istədiklərini söyləyib: "Qarabağ"ın gücü bəllidir, onlara qarşı maksimum hazırlaşmışdıq. Yaxşı mübarizə aparırdıq. Uşaqlara demişdik ki, "Qarabağ" səhvi bağışlamır, keçidləri möhtəşəmdir. Futbolda səhv qaçılmazdır. Demirəm udacaqdıq, amma yaxşı mübarizə gedirdi. Qollar oyunu sındırdı".
O, I Liqaya mümkün enişdən sonra da komandanın sükanı arxasında qalmaq istədiyini bildirib: "Rəhbərliyə təşəkkür edirəm ki, gənc yaşda bu şansı mənə verdilər. Bu, mənim üçün yeni iş təcrübəsi və kateqoriya deməkdir. Sonranı bu dəqiqə fikirləşmək istəmirəm. Nə xeyirlidirsə, o da olsun. İndidən ambisiyalı danışmağın yeri yoxdur. Məşqçiliyə yeni başlayıramsa, niyə də olmasın? Təcrübə üçün lazım ola bilər. Yenə də hər şey mövsümün sonunda aydın olacaq. Birinci dəfə “Səbail”in başına keçəndə bəlkə daha da pis olacaqdı. Böyük danışmaq istəmirəm. Belə xeyirli imiş”.
Məmmədov sevdiyi işlə məşğul olmasından motivasiya aldığını vurğulayıb: "Bu çətinlikləri futbolçu kimi də yaşamışam. Sevdiyim işdir. Çətindir. Klubda rəhbərlikdən dəstək var. "Kəpəz"lə 7 xallıq fərqi aradan qaldırıb-qaldırmayacağımızı zaman göstərər. Ümid sonda ölür. Qarşıda oyunlar var, hər şey dəyişə bilər".
O, sələfi Cavid Hüseynovun rəhbərliyin komandanın yanında olmadığına dair fikirlərinə belə reaksiya verib: "Hər kəsin fikrinə hörmətlə yanaşıram. Cavid o sözləri deyibsə, öz aqrumenti var. Onun əvəzinə danışa bilmərəm. Birinci periodda da, indi də rəhbərlik yanımdadır. Onların dəstəyini hiss edirik. Hiss etdiriblər ki, buradayam".
- Matçın əvvəlində ardıcıl qollar olmasaydı, daha çox müqavimət göstərərdiz?
- "Qarabağ"ın gücü bəllidir, onlara qarşı maksimum hazırlaşmışdıq. Yaxşı mübarizə aparırdıq. Uşaqlara demişdik ki, "Qarabağ" səhvi bağışlamır. Keçidləri möhtəşəmdir. Futbolda səhv qaçılmazdır. Demirəm udacaqdıq, amma yaxşı mübarizə gedirdi. Qollar oyunu sındırdı.