
BAKI, 12 aprel. TELEQRAF
“Çempionatın əvvəlində vəziyyət olduqca mürəkkəb idi. Hamı söyləyirdi ki, “Kəpəz” bu mövsüm daha bacarmayacaq. Amma biz bunun əksini sübut etdik. Bunun üçün çox çalışdıq, istəyimizə də nail olduq”.
Teleqraf xəbər verir ki, bu sözləri "Kəpəz"in portuqaliyalı futbolçusu Valdemar Almeyda klubun rəsmi səhifəsinə açıqlamasında deyib.
33 yaşlı yarımmüdafiəçi komandasının Azərbaycan Premyer Liqasınnı XXIX turda "Sabah"ı 1:0 hesabla məğlub etməsindən danışıb: “Komanda olaraq hamı yaxşı oynadıq. Meydanda fərdi yox, kollektiv şəkildə mübarizə apardıq. Güclü, yaxşı rəqibə qarşı ağıllı oynadıq. Görüşə düzgün hazırlaşmışdıq. Göstərdik ki, biz varıq və daha yaxşısını edə bilərik”.
“Pana” ləqəbli futbolçunun qolu “Kəpəz”ə qələbə gətirib. O, fərqlənməsini uğurlu komanda işinin nəticəsi kimi qiymətləndirib: “Hər bir futbolçu qol vurmağı xoşlayır. Mənim üçün belə imkan yarandı və fürsətdən yararlandım. Fərqləndiyim və xüsusən də qolum komandaya qələbə qazandırdığı üçün sevincliyəm. Qol epizodunda hamının rolu var. Vəziyyəti komanda olaraq yaratdıq. Belə oynamağa davam etməliyik”.
Almeyda “Araz-Naxçıvan” ilə qarşıdakı oyuna da uğurlu nəticə üçün çıxacaqlarını söyləyib: “Növbəti oyun barədə fərqli düşünmürük. Qələbə qazanmaq istəyirik. Lakin bu, son oyunda olduğu kimi eyni ambisiya və əzmlə mümkün olacaq. Çünki “Araz-Naxçıvan” klubunun da yaxşı qurulmuş heyəti var. Çətin oyun gözləyir bizi. Üç xal qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, "Kəpəz" Azərbaycan Premyer Liqasının XXX turunda sabah "Araz-Naxçıvan"ı qəbul edəcək. Tovuz şəhər stadionunda baş tutacaq görüş saat 17:00-da start götürəcək.