
BAKI, 13 aprel. TELEQRAF
Rusiya səfiri Andrey Kelin Böyük Britaniya ətrafında sualtı qayıqları izləmək üçün yerləşdirildiyi iddia olunan sensorların mövcudluğunu təkzib etməyib, lakin bunun Britaniyaya təhlükə yaratmadığını vurğulayıb.
Teleqraf xəbər verir ki, Kelin "BBC One" kanalına verdiyi müsahibədə Rusiyanın Britaniya sualtı qayıqlarını izləmək cəhdini inkar etməsə də, bunun hər hansı bir təhdid yaratmadığını bildirib.
"Bu qədər köhnəlmiş nüvə başlıqları ilə Britaniya sualtı qayıqlarını izləməkdə maraqlı olduğumuzu düşünmürəm. Bütün bu təhdidlər çox şişirdilib," - deyə Kelin əlavə edib.
Səfir Birləşmiş Krallığa qarşı hər hansı bir təhdidin mövcud olmadığını vurğulayıb:
"Bu təhdidlər uydurulub, Rusiyanın Britaniyaya heç bir təhlükəsi yoxdur".
Qeyd edək ki, bu açıqlamalar "Sunday Times" qəzetində yayımlanan bir araşdırmanın ardınca gəlib. Araşdırmaya görə, Rusiya Böyük Britaniya ətrafında sualtı qayıqları izləmək məqsədilə sensorlar yerləşdirib. Bu cihazların Birləşmiş Krallığın dörd Vanguard sualtı qayığını izləmək üçün yerləşdirildiyi ehtimal edilir. Britaniya hərbi qüvvələri bu cihazları aşkar edərək onları milli təhlükəsizlik üçün təhdid kimi qiymətləndirib.