
BAKI. 26 mart. TELEQRAF
"İkinci hissədə də ilk yarıdakı kimi oynadıq, heç nəyi dəyişmədik. Sadəcə, hücumları qolla tamamlamaq lazım idi. Bu, fasilədən sonra alındı".
Teleqraf xəbər verir ki, bunu Belarus milli komandasının futbolçusu Pavel Zabelin Azərbaycan yığmasına "Bank Respublika Arena"da 2:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra deyib.
59-cu dəqiqədə hesabı açan 30 yaşlı müdafiəçinin sözlərinə görə, fərqlənə bilmədikləri epizodlarda əsəbiləşməyiblər: "Oyun vaxtı hər şey ola bilər. Kiçik səhvlərin buraxılması da normaldır. Qorxulu və narahatedici bir şey yox idi".
Milliyə Rusiya "Sokol"undan çağırılmış Zabelin oyunun sonlarında azərbaycanlı azarkeşlərin onları alqışlamalarına da münasibət bildirib: "Görünür, onlar öz komandalarına qarşı bir qədər qəzəblidirlər. Bu da qələbə qazana bilmədiklərinə görədir. Deyirdilər ki, Belarusu da udmuruqsa, kimə qalib gələcəyik? Hesab belə olmadıqda bizim tərəfimizə keçdilər".
Qeyd edək ki, Pavel Zabelin sonadək meydanda olub. O, Belarus millisinin heyətində ilk qolunu vurub.