
BAKI, 29 mart. TELEQRAF
Rusiyalı tennisçi Darya Kasatkina idman vətəndaşlığını dəyişib.
Teleqraf xəbər verir ki, dünyanın 12-ci raketka ustası artıq Avstraliyanı təmsil edəcəyini fəxr hissi ilə açıqlayıb.
Kasatkina son 1,5 ildə Rusiyanın ən yaxşı tennisçisi sayılırdı. 27 yaşlı idmançı daim nüfuzlu yarışlarda çıxış edir, müəyyən nailiyyətlər qazanırdı. Məşqlərini İspaniyada keçirən tennisçi "Barselona"ya azarkeşlik edir. Məhz bu səbəbdən, onun İspaniyanı təmsil edəcəyi daha gözlənilən idi.
Rusiyalı raketka ustası Avstraliyaya üstünlük verməklə, "yaşıl qitə"nin bir nömrəli tennisçisi olacaq.
Qeyd edək ki, daha əvvəl Rusiyanın daha iki tennisçisi idman vətəndaşlığını dəyişib. Aleksandr Şevçenko Qazaxıstanı, Elina Avanesyan Ermənistanı təmsil etməyə qərar verib.