
BAKI, 29 mart. TELEQRAF
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Ermənistanın Baş naziri Nikol Paşinyan “Qarabağ hərəkatı”nı gündəmə gətirməklə hansı mesajı verməyə çalışırdı? Bu amil gələcək üçün hansı təhdidlər yarada bilər?
- Əslində Paşinyan Ermənistandakı “Qarabağ hərəkatı” haqqında danışmaqla təhlükədən xəbər verir. Erməni cəmiyyətinə və müxalifətə o işarəni verir ki, bu “hərəkat” davam edərsə, Azərbaycanla sülh sazişini imzalamağın heç bir əhəmiyyəti olmayacaq. Azərbaycan tərəfi haqlı olaraq bildirəcək ki, Ermənistanda ona qarşı hələ də ərazi iddiası davam edir. Çünki onlar 80-ci illərdə də belə başlamışdılar. Separatçılıqla başladılar, keçmiş sovet hərbi bazalarından silah aldılar, nəticədə Azərbaycan əraziləri işğal edildi, Xocalı və digər soyqırımlar törədildi. Bütün bu qanlı olayların hamısının başında “Qarabağ hərəkatı” dayanırdı. O zaman bu “hərəkat”ın başında duranlar Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Serj Sarkisyan və Robert Köçəryan idi. Məhz bu şəxslər Qarabağdan başlayaraq bölgədə nifaq salıblar. İmkan verməyiblər ki, Cənubi Qafqaz sülh və əmin-amanlıq bölgəsinə çevrilsin. İndi Paşinyan anlatmaq istəyir ki, əgər erməni müxalifəti, “Qarabağ klanı” bu “hərəkatı” davam etdirmək istəsələr Azərbaycanla sülh alınmayacaq.
- Bu halların sülh prosesinə təsirini necə dəyərləndirirsiniz?
- Paşinyan “Qarabağ hərəkatı”nın fəaliyyətini qadağan etməlidir, İrəvanda bu “hərəkatı” davam etdirənlər həbs olunmalıdır. Ermənistan parlamentinin bununla bağlı qanun qəbul etməsi də mümkündür. Əgər baş nazir bu sərt açıqlamalardan sonra “Qarabağ hərəkatı”nın fəaliyyətinə göz yumsa, Azərbaycanla hansısa sülhdən danışmaq mümkün olmayacaq. Yekun sülh üçün Azərbaycanın tələbləri açıqdır. Ermənistan konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddiaları ləğv edilməli, ATƏT-in Minsk Qrupunun fəaliyyətinə xitam verilməli, Avropa İttifaqının şərti sərhəddə yerləşdirilmiş “missiyası” bölgədən çıxarılmalıdır.
- Azərbaycan Ermənistandan daxilindəki “Qarabağ hərəkatı”nın dayandırılmasını da tələb edə bilərmi?
- Rəsmi Bakı bu məsələnin də aradan qaldırılmasını öz tələblər sıyahısına əlavə etməsi mümkündür. Paşinyan da Ermənistanın üç keçmiş prezidentinə (Petrosyan-Köçəryan-Sarkisyan) bu məsələdə açıq şəkildə xəbərdarlıq etdi. Əslində bu cür açıqlamaların ardında da bir hərəkət olmalıdır. Yəni, bu tip şəxslər Ermənistanda “Qarabağ hərəkatı”na dəstək verməkdə davam edərlərsə, onlara qarşı da müvafiq tədbirlər görülməlidir. Bu mövzuda çıxış etmək işin yarısıdır. Amma məsələ kökündən həll edilməlidir. Əslində bununla baş nazir Azərbaycana da mesaj verməyə çalışır ki, “bunlar mənə mane olur”. Erməni cəmiyyətinə isə deyir ki, “bunlar nə qədər ki, bu işlərlə məşğul olacaqlarsa, Azərbaycanla sülh alınmayacaq”.
- Qərbi Azərbaycanla bağlı ermən tərəfinin əsas narahatlıqları nədən ibarətdir?
- Paşinyan iddia edir ki, “Qarabağ hərəkatı” Ermənistan daxilində fəaliyyətini davam etdirdikcə, Azərbaycan da guya Qərbi Zəngəzura yəni, Ermənistan ərazisinə iddia edəcək. O demək istəyir ki, “Qarabağ hərəkatı”nın fəaliyyətini dayandıraq ki, Azərbaycanda da Qərbi Zəngəzur mövzusu gündəmdən düşsün. Amma Azərbaycanın bu məsələdə mövqeyi bəllidir. Prezident İlham Əliyev də bəyan edib ki, Azərbaycanın Qərbi Zəngəzura tanklarla getmək fikri yoxdur. Tarixən o bölgədə yaşamış azərbaycanlıların geri qayıdış hüququ tanınmalıdır. Azərbaycan Ordusunun isə bölgəyə daxil olmaq, Qərbi Zəngəzuru Azərbaycana birləşdirmək kimi istəyi yoxdur. Azərbaycanlılar ancaq sülh və danışıqlar yolu ilə ata-baba ocaqlarına qayıtmaq istəyir. Paşinyanın indiki halda bu mövzu ətrafındakı manipuliyasiyaları məsələ ilə bağlı Azərbaycana qarşı beynəlxalq təzyiqin artmasına nail olmaqdan ibarətdir.
- Atəşkəsin pozulması ilə bağlı Ermənistan tərəfindən verilən ziddiyyətli açıqlamlar nə ilə bağlıdır?
- Bununla bağlı absurd bir durum yaranıb. Paşinyan müdafiə nazirliyinə tapşırıb ki, atəşkəsin pozulması hallarının qarşısı alınsın. Bu əslində atəşkəsin Ermənistan tərəfindən pozulmasının etirafıdır. Hətta Ermənistanın müdafiə naziri Suren Papikyan demişdi ki, “atəşkəs pozulmur, sadəcə olaraq ara-sıra havaya atəş açırıq”. Havaya açılan atəş zamanı erməni hərbiçinin Azərbaycanın mövqelərini tuşlamadığına dair isə heç kəs zəmanət verə bilməz. Bütün bunlar Ermənistanda real hakimiyyətin digər strukturlara da tam nəzarət edə bilmədiyini göstərir. Belə olan halda Azərbaycanla imzalanacaq sülh sazişinə təxribatçı qruplar əngəl yaradacaqlar.