BAKI, 25 mart TELEQRAF

”Minsk "Dinomo su bu mövsüm UEFA Konfrans Liqasındakı ev oyunlarını Sumqayıtda keçirdi. Millimizdə "Dinamo"dan çoxlu futbolçular olur. Onlar artıq Azərbaycanı tanıyırlar. Yəqin ki, bu, komandaya nisbətən kömək edəcək”.

Teleqraf xəbər verir ki, bu sözləri “Neftçi”nin belaruslu futbolçusu Yeqor Boqomolski Azərbaycan və Belarus milliləri arasındakı yoldaşlıq görüşü ilə əlaqədar AFFA-nın mətbuat xidmətinə müsahibəsində deyib.

2022-ci ildə Belarus millisinin heyətində 6 oyunda, o cümlədən, UEFA Millətlər Liqasının 2022/2023 mövsümündə Azərbaycan - Belarus (2:0) qarşılaşmasında iştirak edən hücumçu bugünki qarşılaşma barədə fikirlərini bildirib: “Belarus və Azərbaycan milliləri arasında yoldaşlıq oyununun olacağını öyrəndikdə sevindim. Çünki hər iki komandada çoxlu tanışlarım var. Həmin oyunu izləmək maraqlı olacaq”.

3 ilə yaxındır ki, Azərbaycanda çıxış edən hücumçu oyunöncəsi milli komandaların gücündən də danışıb: “Belarus yığmasında kifayət qədər təcrübəli futbolçular var. Əlbəttə, onlara hansısa kömək lazım olsa, bunu edəcəyəm. Bir hücumçu kimi Azərbaycan yığmasının müdafiəçilərindən Elvin Cəfərquliyev və Bəhlul Mustafazadənin xüsusi vurğulamaq istərdim. Onlara qarşı mübarizə aparmaq asan deyil. Sizin texniki cəhətdən yaxşı futbolçulardan qurulmuş kifayət qədər güclü milliniz var”.

Yeqor Baqamolski Belarus millisinin baş məşqçisi Karlos Alosun gördüyü işlərdən də söz açıb: “O, 2023-cü ildən yığmaya baş məşqçilik edir. İspaniyalı mütəxəssisin gəlişindən sonra komandamızın nəticələri yaxşılaşıb. Təbii ki, buna görə baş məşqçi də tərifə layiqdir. Komandalarımız təxminən bərabər gücdədirlər. Ona görə də bu oyun hər iki millinin DÇ-2026-nın seçmə mərhələsinə hazırlığına xeyir verəcək”.

Qeyd edək ki, bu gün "Bank Respublika Arena"da keçiriləcək Azərbaycan - Belarus oyunu saat 21:45-də başlanacaq.