BAKI, 8 mart. TELEQRAF

İspaniyanın "Barselona" klubu yay transfer pəncərində heyətinə yeni qapıçı cəlb etmək niyyətindədir.

Teleqraf "Defensa Central"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin bu mövqe üçün əsas namizədi "Real Madrid"in qolkiperi Andrey Lunindir. "Barselona"nın prezidenti Joan Laporta artıq ukraynalının agenti Jorje Mendeşlə ilkin danışıqlar aparıb.

26 yaşlı Luninin əzəli rəqibin heyətinə keçməyə müsbət yanaşmadığı bildirilir.

Qeyd edək ki, Andrey Lunin 2018-ci ildən "Real Madrid"in şərəfini qoruyur. O, cari mövsüm ərzində 10 oyunda iştirak edib.