BAKI. 24 fevral. TELEQRAF

"Liverpul" klubu cari mövsümdə ikinci dəfə "Mançester Siti"yə qalib gəlib.

Teleqraf xəbər verir ki, bu, İngiltərə Premyer Liqasında XXVI turun səfər qarşılaşmasına təsadüf edib.

2:0 hesablı qələbə qazanan baş məşqçi Arne Slotun komandası həm də qapısını toxunulmaz saxlayıb. Qolları Məhəmməd Salah 14-cü, Dominik Soboslai 37-ci dəqiqədə vurub. Bu komandalar arasında ilk dövrədəki oyunda da "Liverpul" eyni hesabla qalib gəlmişdi.

Mersisaydlılar həm də məğlubiyyətsiz oyunlar seriyasını 23-ə çatdırıb. Bu kollektiv sonuncu dəfə 14 sentyabr 2024-cü ildə "Nottingem Forest"ə uduzub - 0:1.

Bundan sonra 16 qələbə və 7 heç-heçəni aktivinə yazan "Liverpul" ümumilikdə 27 oyundan 64 xalla turnir cədvəlinə başçılıq edir. "Mançester Siti" isə 26 görüşdən 44 xalla 4-cü pillədə qərarlaşıb.