BAKI, 23 fevral. TELEQRAF

“Hava çox soyuq idi, lakin bu, bəhanə deyil. Çünki hava təkcə bizim üçün deyil, “Sabah” üçün də soyuq idi”.

Bu sözləri Teleqraf-a açıqlamasında “Qarabağ”ın braziliyalı futbolçusu Kadi Borges Azərbaycan Premyer Liqasının XXIV turunda evdə “Sabah”la 1:1 hesablı bərabərə qaldıqları oyun barədə danışarkən deyib.

29 yaşlı yarımmüdafiəçi soyuq hava şəraitində keçən qarşılaşmada nəticəni ədalətli sayıb: “Bizim üçün yaxşı oyun keçdi. Qalibiyyətdən ötrü bir çox şansımız var idi. Məncə, yaxşı mübarizə apardıq. Bizim də qaçırdığımız epizodlar oldu, eynilə rəqibin də. Düşünürəm ki, heç-heçə ədalətli nəticə oldu”.

Kadi qarşıdan gələn Azərbaycan Kubokunda “Səbail”ə qarşı 1/4 final mərhələsinin cavab görüşündən gözləntilərini də dilə gətirib: “Matça yaxşı hazırlaşırıq. Məşqçimizin dediklərini diqqətlə dinləyəcək və gələcək oyunda düzgün yerinə yetirməyə çalışacağıq. Qələbəyə köklənmişik. İnanıram ki, hər iki cəbhədə uğurla davam edəcəyik”.

Xatırladaq ki, “Qarabağ” fevralın 27-də Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab görüşündə “Səbail”i qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 16:00-da start götürəcək. Tərəflər arasındakı ilk matç 1:0 hesabı ilə ğdamlıların xeyrinə başa çatıb.