
BAKI, 23 fevral. TELEQRAF
"Belə anlarda müdafiəçiyəm deyə yıxılmıram, amma hücumçu çox rahat yıxılır".
Bunu Teleqraf-a açıqlamasında "Sumqayıt"ın futbolçusu Elvin Bədəlov Azərbaycan Premyer Liqasının XXIV turunda səfərdə "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları görüş barədə danışarkən deyib.
"Kimyaçılar"ın kapitanı oyunda vurulan yeganə qol epizodunda baş hakim Tural Qurbanovun penalti qərarına təəccübləndiyini dilə gətirib: "Çox rahat penalti verdilər, bu, məni təəccübləndirdi. Mənimlə Ağadadaş Salyanski arasında ikili mübarizə idi. Belə çıxır ki, mən də yıxılsaydım, qayda pozuntusu qeydə alınacaqdı. Amma müdafiəçiyəm deyə, belə anlarda yıxılmıram, hücumçu isə çox rahat yıxılır. Ayağıma təmas var idi. Sadəcə, axıra kimi oynamağa qərar verdim. 2-3 həftə əvvəl biz üçün iclas keçirmiş, sadə penalti epizodlarının verilməyəcəyini demişdilər. Amma bu oyunda hər şey göz qabağında idi".
Bədəlov komandasının 9 oyundur qol vura və qələbə qazana bilməməsindən çox təsirləndiklərini bildirib: "Əlbəttə, bu, bizə çox təsir edir və xoş deyil, amma əsas odur ki, oyunumuz var. Biz bu durumdan çıxacağıq. Bir az səbr etmək lazımdır. Bu zolaqdan birlikdə çıxmalıyıq".
30 yaşlı müdafiəçi müxtəlif klublardan təklif aldığını təsdiqləyib: "Təkliflər realdır, amma bu barədə indi danışmaq düzgün olmaz. Mövsümün sonunda müqaviləm bitəcək, ondan sonra nə isə danışmaq olar".