BAKI, 24 fevral. TELEQRAF

Rusiya İranın tezliklə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (İTC) layihəsi çərçivəsində Rəşt-Astara dəmir yolu xəttinin tikintisi üçün torpaq sahəsi ayıracağına ümid edir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov "İzvestiya" qəzetinə müsahibəsində bildirib .

“Biz bunu (torpaq sahəsinin ayrılmasını - red) yaxın gələcəkdə gözləyirik”, o bildirib.

Diplomatın fikrincə, bu, layihənin həyata keçirilməsinə əminlik təmin etməlidir.

“Rusiya və İran tərəfi bu layihənin həyata keçirilməsində qərarlıdır”, - deyə o əlavə edib.

Yanvarın 24-də İranın Rusiyadakı səfiri Kazem Cəlali Moskva və Tehranın 2025-ci ilin mart ayının sonuna kimi Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamaq haqqında saziş imzalayacağını bildirib . O qeyd edib ki , yanvarın 17-də Moskvada danışıqlar zamanı Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian tikintiyə bu ilin mart ayının sonunadək başlamaq haqqında saziş imzalamaq barədə razılığa gəliblər.

162 km uzunluğunda olan Rəşt-Astara hissəsi İranın ən mühüm dəmir yolu layihəsidir . Yol İran, Azərbaycan və Rusiya dəmir yollarını birləşdirəcək Astara-Rəşt-Qəzvin nəqliyyat dəhlizinin bir hissəsidir . Bu dəhliz öz növbəsində Rusiya, İran, Azərbaycan və Hindistan avtomobil yollarının inteqrasiyası üçün nəzərdə tutulan beynəlxalq Şimal-Cənub layihəsinin bir hissəsidir. 2023-cü ilin mayında Moskva və Tehran İranda Rəşt-Astara qərb marşrutu dəmir yolunun yekun hissəsinin tamamlanması üçün sənədlər imzalayıblar.