
BAKI, 21 fevral. TELEQRAF
İtaliyanın "Yuventus" klubu baş məşqçi Tyaqo Motta ilə yollarını ayıra bilər.
Teleqraf insayder Nikolo Şkiraya istinadən xəbər verir ki, buna səbəb Turin təmsilçisinin uğursuz çıxışıdır. "Qoca sinyora"nın rəhbərliyi artıq 42 yaşlı mütəxəssisin mümkün əvəzedicilərini araşdırır.
"Yuventus" İtaliya A Seriyasında 25 turdan sonra 46 xalla 4-cüdür. Komanda Mottanın rəhbərliyi altında UEFA Çempionlar Liqasının pley-off mərhələsində Niderlandın PSV klubuna iki oyunun nəticəsində məğlub olaraq (2:1, 1:3), mübarizəni dayandırıb.
Qeyd edək ki, Tyaqo Motta ötən yay "Bolonya"dan ayrılaraq "Yuventus"a keçib.